Azərbaycan hökumətinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildən etibarən Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT-in nümayəndəliyi açılmışdır. Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaların prinsipləri nəzərə alınmaqla ölkəmizdə ən mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilmişdir və bu qanunvericilik daim təkmilləşdirilir.

BƏT-lə əməkdaşlığın bir istiqaməti də ölkəmizdə özünüməşğulluq proqramının icrası işlərini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşmışdır.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatı arasında olan proqrama uyğun olaraq 2017-ci ilin 11-14 dekabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının və Azərbaycan Sahibkarlar Konfederasiyasının  texniki dəstəyi ilə əməyin mühafizəsi mütəxəssisləri üçün EOSH proqramı əsasında “Sağlam və təhlükəsiz əməyin əsasları” adlı təlim təşkil edilmişdir. Beynəlxalq Əmək Təşkilatının əməyin mühafizəsi sahəsində təcrübəli ekspertləri Xorxe İllinvort və Roman Litvyakov tərəfindən aparılan təlimdə, iştirakçılar əməyin mühafizəsinin təşkilinə dair bilik və bacarıqlarını artırmışlar.

Təlim ilkin mərhələdə 4 həftəlik distant tədrisi və imtahanı,  4 günlük əyani intensiv təlimi və öyrənilmiş material əsasında 1 günlük imtahanı əhatə etmişdir. Təlimi müvəffəqiyyətlə başa vuran şəxslərə BƏT tərəfindən “Beynəlxalq Təlimçi sertifikatı” təqdim edilmişdir. Bu şəxslərə öz iş yerlərində və müxtəlif platformalarda bu sahə üzrə  təlim keçə bilmək və monitorinq aparmaq  hüququ verilmişdir.

DİPLOMLAR